Ötən gün bir sıra sosial şəbəkə hesabları və xəbər saytlarında Gəncəçay çayının sol sahilində, Nizami Gəncəvi prospektindəki avtomobil yolunun kənarındakı boş torpaq sahəsinə əkilən ağacların çıxarılması ilə bağlı video yayılmışdır.
"Unikal" xəbər verir ki, Gəncə şəhərinin müxtəlif ərazilərində yeni yaşıllıq zolaqları salınır, mövcud yaşıllıq zolaqlarına isə mütəmadi şəkildə qulluq göstərilir. Görülən işlər çərçivəsində sözügedən yerdə də yeni yaşıllıq zolağının salınması məqsədilə ağaclar əkilmişdir. Relyef baxımından ərazi ağacların əkilməsi üçün uyğun hesab olunub, lakin sonradan əkilən ağacların əraziyə uyğunlaşmadığı müşahidə edilib. Yeni əkilən ağacların qurumaması üçün mütəxəssislərin məsləhəti və iştirakı ilə onlar çıxarılaraq, başqa əraziyə köçürülüblər.
Bildiririk ki, bu ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə bağlı heç bir əlaqəsi yoxdur. Sözügedən ərazidə yeni yaşıllıq zolağının salınması ilə bağlı tədbirlərə daha əvvəldən başlanılmış və hazırda işlər yekunlaşmışdır.
Burada Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə yetişdirilən müxtəlif növ gül və dekorativ kollar əkilmiş, yeni qazon örtüyü salınmışdır. Ərazidə Azərbaycanın milli ornametlərindən biri olan butadan istifadə edilərək, kompozisiya yaradılmışdır.
Gəncəmizin adına xələl gətirmək və şəhərin abadlaşması istiqamətində görülən işlərə kölgə salmaq məqsədi ilə paylaşılan bu tip əsassız məlumatlara inanmamağınız xahiş olunur. Bu çirkin qarayaxma kampaniyasına qarşı tərəfsiz və qərəzsiz mövqe sərgiləyən KİV və ictimaiyyət nümayəndələrinə, habelə doğma şəhərimizin sakinlərinə dərin minnətdarlığımızı bildiririk.