3 fevral 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lütfi Zadənin anadan olmasının yüz illiyinə və elmi irsinə həsr olunmuş VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, onlayn formatda üç gün davam edəcək beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Meksika, Yaponiya, Polşa və s. xarici ölkələrin alim və mütəxəssisləri iştirak edəcəklər. Tədbirdə yumşaq hesablama, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar, idrakda qeyri-müəyyənlik, biliyin təmsili, qərarqəbuletmə, neyron şəbəkələr və hibrid memarlıq, koqnitiv modelləşdirmə və s. sahələr üzrə aparılan yeni araşdırmaların elmi nəticələri təqdim olunacaq.
AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov konfransı giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. Konfransın əhəmiyyətinə toxunan alim bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsinə həsr olunub.
Ə.Abbasov dünya şöhrətli alimin mənalı ömür yolundan söz açaraq onun 1965-ci ildə Sovet İttifaqında keçirilən “Avtomatik idarəetmə problemləri” mövzusunda beynəlxalq elmi konfransında və 2008-ci ildə BakuTel Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün Azərbaycana səfərlərindən ətraflı bəhs etdi. O, Lütfi Zadənin Bakı səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini və sonradan Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilmiş olduğunu xüsusi olaraq vurğuladı.
Ə.Abbasov Lütfi Zadənin zəngin elmi irsinə nəzər salaraq apardığı fundamental tədqiqatlar nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafına yol açmış və yeni yanaşma üsulları meydana gətirmiş olduğunu qeyd etdi. Bu nəzəriyyə qabaqcıl intellektual texnologiyalara əsaslı təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.
Görkəmli alimin yubileyi münasibətilə keçirilən konfransın hədəflərindən bəhs edən Ə.Abbasov bildirib ki, məqsəd yumşaq hesablamanın müxtəlif sahələrində ən son nailiyyətləri və yenilikləri təqdim etmək, bu istiqamətdə aktual problemləri müzakirə etmək, gələcək perspektivləri nəzərdən keçirmək üçün müvafiq sahə üzrə alim və mütəxəssisləri bir araya gətirməkdir. Alim qeyd edib ki, müasir dövrün aparıcı qüvvəsi olan gənc tədqiqatçıların da qatıldığı konfransda tələbə və mütəxəssislərin sözügedən sahədə apardığı araşdırmalara xüsusi diqqət ayrılacaq.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədbir iştirakçılarını AMEA-nın rəhbərliyi, eləcə də institutun kollektivi adından salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadiminin 100 illik yubileyinə dair fəaliyyət planı hazırlamışdır. O, həmin fəaliyyət planı çərçivəsində təşkil olunan konfransın Lütfi Zadə yaradıcılığının, onun bəşəri ideyalarının təbliğinə töhfələr verəcəyinə, müvafiq sahədə əldə olunmuş elmi nailiyyətlərin təqdim olunması üçün mühüm platforma rolunu oynayacağına əminliyini bildirib.
R.Əliquliyev ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda mühüm nəticələr əldə edildiyini, süni intellekt, IV Sənaye inqilabı və dünyanın qlobal çağırışlarını, milli və strateji maraqları özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatların aparıldığını nəzərə çatdırıb. O, Azərbaycan alimlərinin dünyada gedən proseslərdə fəal iştirak edərək elmi sahədə qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulduqlarını vurğulayıb. Akademik nitqinin sonunda bu mühüm tədbirin təşkilatçılarına, eləcə də alim və tədqiqatçılara təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək qeyd edib ki, çağdaş dünyanın elm və təhsil tarixinə şanlı səhifələr yazmış görkəmli elm xadimi, qeyri-səlis məntiq sahəsində elmi məktəbin banisi Lütfi Zadənin yubileyinin dövlət başçısı cənab İlham Əliyevin xüsusi sərəncamı ilə dövlət səviyyəsində qeyd olunması elm və təhsil xadimlərinin zəngin irsinə yüksək diqqət və qayğının təzahürüdür. O bildirdi ki, L.Zadə dünya elminə min illər ərzində hakim olan paradiqmanı dəyişərək bəşəriyyətin ən böyük ixtiraçı alimlərindən biri kimi şöhrət qazanmış və inqilabi texnologiyaların yaradılmasında müstəsna rolu olan alimlərdəndir.
F.Qurbanov qeyd edib ki, Azərbaycanda Lütfi Zadə irsinin layiqli davamçıları mövcuddur. Bu baxımdan AR Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar edilməsi, onlarda elmi biliklərin öyrənilməsinə marağın artırılması, qeyri-səlis nəzəriyyənin banisi Lütfi Zadənin daha yaxından tanınması məqsədi ilə mütəmadi olaraq məntiq olimpiadaları keçirilir. F.Qurbanov Lütfi Zadə irsinin təbliği istiqamətində görülən işlərin, keçirilən bu qəbil tədbirlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində parlaq ideyaların davam etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək Berkli Kaliforniya Universitetinin professoru və Yumşaq Hesablamalar İnstitutunun direktoru olmuş dahi alim Lütfi Zadənin tətbiqi elmlərin inkişafında misilsiz uğurları olduğunu qeyd edib. Bildirib ki, onun nəzəriyyələri nəqliyyat, aviasiya, enerji, hərb və digər sahələrdə geniş istifadə olunur.
R.Rüstəmov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda alimin 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini qeyd edərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilmiş "Tətbiqi Elm Həftəsi" konfransından bəhs etdi. O, konfrans ərəfəsində rəsmi olaraq Lütfi Zadə adına Texnoloji mərkəzin açıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. R.Rüstəmov, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Applied and Computational Mathematics" ("Tətbiqi və Hesablama Riyaziyyatı") beynəlxalq jurnalının “Qeyrisəlis məntiq və onun epidemiyaların modelləşdirilməsinə tətbiqi: Koronavirus və ondan kənar” adlı xüsusi buraxılışına da dəstək verildiyini qeyd etdi. Həmin xüsusi buraxılışda qeyri-səlis məntiqdən istifadənin COVID -19 modelləşdirməsinə və potensial olaraq bütün dünyada pandemiyaların həllinə fayda verə biləcəyi göstərilmişdir. R.Rüstəmov tədbir iştirakçılarına nazirliyin innovasiya ekosistemi, kibertəhlükəsizlik və digər sahələr üzrə fəaliyyəti barədə də məlumat verib, bütün bu layihələrin yüksək ixtisaslı kadrların hazırlanmasına yönəldiyini və uzunmüddətli perspektiv üçün nəzərdə tutulduğunu vurğulayıb. O, dahi alimin nəhəng elmi irsinin və nailiyyətlərinin, süni intellekt, qeyri-səlis məntiq sahəsində elmi yeniliklərinin hələ uzun illər elmin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra professor Lütfi Zadənin tələbəsi və həmkarı, Berkli Kaliforniya Universitetinin Kompüter Elmləri departamentinin üzvü doktor Məsud Nikraveş çıxış edərək Lütfi Zadə ilə bağlı xatirələrini bölüşüb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində professor Lütfi Zadənin əziz xatirəsi bu qəbil tədbirlərin təşkil olunması ilə yad edilir və alimin əldə etdiyi nailiyyətlər dünya miqyasında təbliğ olunur. Doktor Nikraveş çıxışının sonunda görkəmli alim Lütfi Zadənin elmi irsinin daim yaşayacağını bildirib, konfransın təşkilinə görə təşəkkür edərək iştirakçılara uğurlar arzulayıb.
Meksika Süni İntellekt Cəmiyyətinin prezidenti, Meksika Elmlər Akademiyasının həqiqi üzvü, doktor İldar Batırşin çıxışında qeyd edib ki, professor Lütfi Zadə qeyri-səlis nəzəriyyəsi ilə minlərlə alim və tədqiqatçı üçün yeni bir məktəbin əsasını qoydu. O, Azərbaycan alimlərinin dünya elminə verdikləri töhfələrdən xüsusilə bəhs edərək bildirib ki, qeyri-səlis sistemlər və yumşaq hesablamalar kimi yeni ixtisasların açılması ilə gənc tədqiqatçıların peşəkar alimlərlə ünsiyyətini və yüksək səviyyəli kadr kimi yetişməsini təmin etmək mümkündür.
Konfransda, həmçinin Polşa Elmlər Akademiyasının akademiki, Sistem Tədqiqatları İnstitutunun əməkdaşı, professor Yanuş Kaspşik, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, doktor Neiman Muradlı və ABŞ-ın El Paso şəhərindəki Texas Universitetinin professoru, Beynəlxalq Qeyri-səlis Sistemlər Assosiasiyasının vitse-prezidenti Vladik Kreynoviç dahi alim Lütfi Zadənin elmi fəaliyyəti ilə bağlı çıxış edərək xatirələrini bölüşərək mühüm əhəmiyyətə malik konfransa öz işində uğurlar arzulayıblar.
Konfransın açılış mərasimi öz işini Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadə Akademiyasının prezidenti, akademik Asəf Hacıyevin çıxışı ilə başa çatdırıb. Alim dünya elminə böyük töhfələr verən Lütfi Zadəni elmi nailiyyətləri, qeyri-səlis nəzəriyyəsinin mahiyyəti barədə ətraflı məlumat verib. O, sonda tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək bu qəbil tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
Sonra konfrans öz işinə plenar iclas və seksiyalarla davam edib.