UNEC-in gənc müəllimlərinin metodoloji-pedaqoji keyfiyyətlərinin daha da artırılması məqsədilə silsilə təlimlərə start verilib.
Universitetdən "Unikal"a verilən məlumata görə, ilk təlimi BDU-nun professoru, UNEC İctimai Nəzarət Şurasının üzvü pedaqoji elmlər doktoru Hikmət Əlizadə keçib.
Təlimdən öncə UNEC-in rektoru professor Ədalət Muradov təlimlərin keçirilməsinin məqsədindən danışıb. Gənc müəllimlərin universitetdə aparılan islahatların önündə getdiyini deyən rektor, son 8 ildə UNEC-ə 700-dən çox gənc müəllim və inzibati heyətin işə qəbul olunduğunu diqqətə çatdırıb. Gənc müəllimlərin metodoloji, pedaqoji sahədə vərdişlərinin artırılmasının zəruriliyini qeyd deyən rektor, bu məqsədlə peşəkar mütəxəssislər tərəfindən silsilə təlimlərin keçiriləcəyini bildirib. O, tədrisdə yeni metodoloji yanaşmanın tətbiq olunmasına diqqət çəkərək, təhsilin fərdiləşdirilməsinin əhəmiyyətindən danışıb, təhsilin rəqəmsallaşmasının bu istiqamətdə böyük imkanlar yaratdığını vurğulayıb.
Sonra professor Hikmət Əlizadə tədrisin metodoloji məsələləri ilə bağlı dünya təhsilində baş verən yeniliklər əsasında apardığı tədqiqatın nəticələri barədə tədqimatla çıxış edib. Professor tədrisin daha keyfiyyətli və tələbələrin maraqlarına cavab verəcək formada təşkilində təfəkkürün, intellektin rolundan, eləcə də qabiliyyətlərin ölçülməsi metodlarından danışıb. Fəal tədrisin müəllim ilə tələbənin əməkdaşlığı üzərində qurulduğunu diqqətə çatdıran professor Hikmət Əlizadə, tələbələrə elm və bilik verilməklə yanaşı, onların sosial məsələlərinə də diqqət və qayğı göstərilməsinin vacibliyini önə çəkib.
Maraqla qarşılanan təlimin sonunda gənc müəllimlərin sualları cavablandırılıb.