Bu günlərdə erməni Telegram kanallarından birində Laçın dəhlizinin Şuşa və Laçın şəhərlərindən aralı keçən yeni marşrutunun xəritəsi yayılmışdı. Bildirilirdi ki, yeni marşrutla yol tikintisi davam edir.
"Unikal" virtualaz.org-a istinadən xəbər verir ki, əslində, dəhlizin yeni marşrutu təəccüb doğurmamalı idi.
Çünki 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birində bu haqda danışılır. Orada deyilirdi ki, üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Dağlıq Qarabağı birləşdirən, Laçın və Şuşa şəhərlərindən yan keçən yeni dəhlizin marşrutu müəyyyən edilməli, yeni yolun çəkilməsi həyata keçirilməli, Rusiya sülhməramlı qüvvələri dəhlizin yeni marşrutu üzrə yerdəyişmə həyata keçirməli və nəhayət Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
Qeyd edək ki, hazırda Ermənistanla Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərini birləşdirən yol, yəni Laçın dəhlizi Laçın şəhərindən və Şuşanın bilavasitə yaxınlığından keçir.
Dəhlizin yeni marşrutu və bu marşrut boyu yeni yol tikintisi barədə praktiki olaraq ictimaiyyətə məlumat verilmirdi, amma ötən ilin yazında belə xəbərlər yayıldı ki, Avtomobil Yolları Dövlət Agentliyi artıq Laçın şəhərindən yan keçən yeni yolun tikintisinə başlayıb.
İndi dəhlizin yeni marşrutunun xəritəsinin yayılmasından sonra “Azadlıq” radiosunun erməni xidməti məsələni araşdırmağa çalışıb. Və Şuşa inzibati rayonunun tərkibinə daxil olan Kiçik Qaladərəsi (sovet dövründə bu kənd Kirov adlanırdı, ermənilər isə ona “Xin Şen” adı veriblər, - red.) kəndinin qondarma “erməni icmasının” (hazırda bu kənddə 50-60 erməni ailəsinin yaşadığı məlumdur, - red.) rəhbəri Samvel Sarqsyana zəng vurub.
“Artıq səkkiz aydır işləyirlər. Siz harada yatmısınız?”, - Sarqsyan yeni yolun tikintisi ilə maraqlanan jurnalistə belə cavab verib.
O deyib ki, yeni yolun çəkilməsi Azərbaycan tərəfinin Laçın şəhərini öz nəzarəti altına qaytarmağa tələsdiyini göstərir. Yeni yol isə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin yaxınlığından keçir.
“Yolun bir hissəsini kəndin örüş yerlərindən keçirmək istəyirdilər, biz şikayət etdik, işləri dayandırdılar, yeni xəritə tapdılar, indi təsdiq edib gətirməlidirlər”, - Sarqsyan belə deyib.
Böyük Qaladərəsi kəndinin “icma rəhbəri” David Davtyan da təsdiq edib ki, azərbaycanlılar indi yol tikintisində fəal işləyirlər.
“İşlərə çoxdan başlayıblar, arada dayandılar. Bilmirəm nə ilə əlaqəli idi, təxminən bir ay işləmədilər. İndi işlər yenidən başlayıb”, - o deyib.
Onun sözlərinə görə, yeni yolun marşrutu belədir: İrəvandan Xankəndiyə getmək üçün Zəngəzurun Tex kəndindən əvvəlki kimi Laçın şəhərinə yox, Kornidzor kəndinə dönmək lazımdır. Oradan isə yol Azərbaycan ərazisinə daxil olacaq, Qayğı qəsəbəsinin yaxınlığında, Həkəri çayının üstündən salınan yeni körpüdən keçərək Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə istiqamətlənəcək, Turşsu meşələrindən keçməklə Kərkicahan istiqamətindən Xankəndiyə daxil olacaq.
Həkəri çayı üzərində yeni körpü tikilir
Yolun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi istiqamətindən keçən hissəsini də Azərbaycan inşaatçıları tikəcək. Həmin kəndlər Azərbaycan ordusunun mövqelərinin əhatəsindədir. Bildirilir ki, Rusiya sülhməramlıları bu kəndlərdə yaşayan ermənilərə yol tikintisində işləyənlərə mane olmamağı tapşırıb.