Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə 7-11 fevral tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək.
"Unikal" xəbər verir ki, monitorinqlərin keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.
Monitorinq zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə çöl quşlarına ümumi baxış keçirilməsi ilə yanaşı, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanması planlaşdırılır.
Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Abşeron, Şabran, Siyəzən, Hacıqabul, Salyan, Masallı, Cəlilabad və İmişli rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələrin götürülməsi, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.