"Əməliyyat-axtarış fəaliyyətinin əsas iştirakçılarından olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin işi gücləndirilməlidir. Bu qurum üçün hər cür şərait yaradılmasına baxmayaraq fəaliyyət düzgün qurulmayıb".
"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.
Ali Məclisin sədri bildirib ki, ona görə də Nazirlik Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil edilməsi üçün tədbirlər görməlidir:
"Nəzərə alınmalıdır ki, bu qurum cinayətkarlığa qarşı mübarizədə və asayişin təmin olunmasında polis orqanları üçün əməliyyat marağı kəsb edən faktlar və şəxslər barədə məlumatlar əldə edilməsini həyata keçirir. Bunlar nəzərə alınaraq şöbə əməkdaşlarının digər fəaliyyətlərə cəlb olunmasına yol verilməməli, əməliyyat-axtarış tədbirləri qanunauyğun sənədləşdirilməli, məxfilik təmin edilməli, şöbə funksional vəzifələrinin icrasını təmin etməlidir. Nazirlikdə kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılması nəzarətdə saxlanmalıdır. Kadrların yerləşdirilməsi və xidmətdən xaric olunmasında əvvəllər mövcud olmuş ədalətsiz yanaşmalar aradan qaldırılmalı, xidmətdə fərqlənən əməkdaşların irəli çəkilməsi, stimullaşdırılması qanunvericiliyə uyğun aparılmalıdır. Rayon-şəhər polis idarə və şöbə rəislərinin, habelə digər vəzifəli şəxslərin istəklərinə uyğun yerdəyişmə aparılması məhdudlaşdırılmalı, belə təkliflər araşdırılmalı, əsaslandırılmalı və nəticəsinə uyğun qərarlar qəbul edilməlidir. Nazirliyin rəhbərliyi şəxsi heyət tərəfindən xidməti intizama və qanunçuluğa riayət olunmasına ciddi nəzarət etməlidir".