İsmayıllı rayon sakini İlham Baxışov əlilliyinin yanlış təyin olunduğunu iddia edir.
Vətəndaş “Unikal”a müraciət edərək II qrup əlilliyinin III qrupa keçirildiyini deyib:
“Mən anadangəlmə kifoskolioz xəstəsiyəm. 1991-ci ildən bu günə kimi əllillik təqaüdü alıram. 2009-cu ildə III qrup əlillikdən II qrup əlilliyə keçmək üçün Əlillər Bərpa Mərkəzinə müraciət etdim. Müraciətim də qəbul olundu, 2009-cu ildən II qrup əlillik pensiyası alırdım, lakin təzəlikcə mənim əlilliyim II qrupdan III qrupa keçdi. Halbuki, yenidən II qrup əlillik verməli idilər. Səbəb olaraq da dedilər ki, mənim kimi xəstələr III qrup əlillik alır. Mən işləyə bilmirəm, bundan sonra da sağalmayacam. Kürəyimdəki xəstəlikdən dolayı ağciyərimdə problem var, çətinliklə nəfəs alıram”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, göndərişdə göstərilən diaqnoz “üçüncü – dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu təsdiqini tapıb:
"Buna görə də “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Baxışov İlham İsa oğluna 3-cü dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Bununla əlaqədar ona müvafiq sosial ödəniş də e-sistem üzərindən proaktiv qaydada təyin edilib. Baxışov İlham İsa oğluna əlillik təyinatı artıq aparılıb. Həm tibb müəssisəsinin elektron sistemə daxil etdiyi göndəriş, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə əsasında onun əlilliyi qiymətləndirilib”.