Aralarında türkiyəli aktyorlar Haldun Dormen, Bennu Gerede, Zafer Algöz, prodüser Adil Şentek və tarixçi İlber Ortaylının da olduğu bir qrup şəxs yaşadıqları mənzilin işçisi tərəfindən aldadılıb.
"Unikal" türk mediasına istinadən xəbər verir ki, borcu olduğunu iddia edən mənzil işçisi bina sakinlərindən pul yığıb. Daha sonra həmin şəxs barəsində hər hansı məlumat almaq mümkün olmayıb.
"Hürriyet"də çıxan xəbərə görə, Nişantaşında Hüsrev Gerede küçəsində yerləşən tarixi mənzildə işləyən şəxs bina sakinlərinin bəzilərindən 5 min lirə alıb. O, yığdığı pulları götürüb, həyat yoldaşı və uşaqlarını tərk edərək qaçıb.
Bir həftədir itkin düşən şəxsin əmək müqaviləsi ləğv edilib. Barəsində rəsmi qurumlara şikayət ediləcək.