Zaqatala rayonu Qımır kəndi ərazisində yerləşən mağazadan gecə saatlarında oğurluq edilməsi ilə bağlı Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov tutulub.
O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1 150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi isə saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.