"Mən 2020-ci ilin avqust ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşam. Bizdə 2021-ci ili əhatə edən maliyyə yoxlaması baş tutmayıb".
Bunu "Unikal"a açıqlamasında Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov deyib. O, qanun pozuntularının RİH-nin keçmiş rəhbərliyinin dövründə aşkarlandığını bildirib:
“Mən vəzifəyə təyin olunanda, artıq burada maliyyə yoxlaması gedirdi. Həmin yoxlama 2015-2020-ci illəri əhatə edirdi, amma yoxlama özü 2021-ci ildə başa çatıb. Ona görə nəticələr indi açıqlanıb. Mən bu prosesləri izləmirdim, həmin şəxslərlə də görüşməmişəm”.
Qeyd edək ki, bu gün Maliyyə Nazirliyi Biləsuvar RİH-də aparılan yoxlamalar nəticəsində pozuntular aşkarlandığı ilə bağlı məlumat yayıb. Xatırladaq ki, Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev olub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Murad İbrahimli