Polşa baş nazirinin müavini Yaroslav Kaçinski 2010-cu ildə Polşanın keçmiş prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasında Rusiyanı günahlandırıb.
"Unikal" xəbər verir ki, Kaçinski Polşanın "Sieci" jurnalına açıqlamasında "Mən Smolenskin hücum olduğuna şübhə etmirəm. Bu qərarı Kreml həyata keçirib" , - deyə iddia edib.
Onun sözlərinə görə, bir çox ölkələr illərdir Smolenskdə həqiqətən də baş verənlərdən xəbərdardırlar:
"O vaxtkı Polşa hökuməti həqiqəti ört-basdır etmək yoluna əl atıb və Rusiya ilə qorxulu kompromis əldə edib”.
Qeyd edək ki, 2010-cu il aprelin 10-da Polşa prezidenti Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan Tupolev 154 təyyarəsi Rusiyanın Smolensk hava limanında Katın qırğınının anım mərasimində iştirak etmək üçün eniş edərkən meşəlik əraziyə düşüb. Qəza nəticəsində təyyarədən sağ çıxan olmayıb.
Gülayə Mecid