Rusiyada ən son S-500 "Prometey" hava hücumundan müdafiə sisteminin seriyalı istehsalına başlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Almaz-Antey aerokosmik müdafiə konserninin baş direktoru Yan Novikov Milli Müdafiə jurnalına müsahibəsində deyib.

"S-500 sisteminin seriyalı istehsalı yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə edilməklə təşkil edilib. Bu sistemin döyüş qabiliyyəti əvvəllər yaradılmış hava hücumundan müdafiə sistemlərinin imkanlarını xeyli üstələyir. S-500-lər Rusiya aerokosmik müdafiə sisteminin əsasını təşkil etməyə qadirdir", - məlumatda deyilir. 

Baş direktor vurğulayıb ki, S-500 dövlət müdafiə sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunlara təhvil veriləcək.

Qeyd edək ki, S-500 "Prometey" yeni nəsil yer-hava zenit-raket komplekslərinə aiddir. Bu raket əleyhinə müdafiə qabiliyyəti artırılmış universal uzun mənzilli və yüksək hündürlükdə tutma kompleksidir. Dağıntı radiusu təxminən 600 kilometrdir.

Ağarza Elçinoğlu