Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov imzalayıblar.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST Agentliyinin təcrübəsi artıq xarici ölkələr tərəfindən öyrənilir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə ATMU-nun potensialına böyük ümid etdiyini bildirən Fərid Məmmədov imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.
Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapıb.
Razılaşma çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.