Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir.
AQTA-dan "Unikal"a verilən məlumata görə, sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər. Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.
AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır.
Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir.