Ağcabədi rayonunda 10 ədəd subartezian quyusu qazılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində ümumilikdə 63000 ha əkin sahəsinə xidmət edir. Hər il olduğu kimi bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir. Cari ildə 12000 hektardan artıq pambıq sahəsində, 19000 hektardan çox taxıl sahəsində və 6322 ha digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25630 ha yonca sahəsində suvarma işləri aparılıb. İdarənin balansında olan nasoslarla 13000 ha, öz axımı ilə 23290 ha, 26710 ha əkin sahəsi isə artezianlarla suvarılıb. Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan təlabatı ödənilib.
Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 km suvarma kanalı, 2549 km kollektor drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasosların istismarı və təmirini təmin etməkdən ibarətdir. Bundan başqa idarənin balansında olan nasos stansiyalarda da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir ədəd elektrik mühərriki və Xocavənd-1 nasos stansiyasında bir ədəd elektrik mühərriki təmir olunub.
Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min.m3 suvarma kanalı və 401 min.m3 kollektor drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyuları cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb.