Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Türkiyə rəsmiləri ilə Ukraynanın ərzaq böhranının kəskinləşməsi fonunda Qara dəniz vasitəsilə qlobal bazarlara taxıl ixrac etməsinə icazə verə biləcək planla bağlı danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, Ukrayna dünyanın ən böyük buğda, qarğıdalı və günəbaxan yağı ixracatçılarından biridir, lakin müharibə və onun limanlarının Rusiya tərəfindən blokadaya alınması bu axının çox hissəsini dayandırıb və bir çox inkişaf etməkdə olan ölkələrin ərzaq təchizatını təhlükə altına qoyub. Bu limanların bir çoxu indi də güclü şəkildə minalanıb.


Qeyd edək ki, Ukraynada hazırda təxminən 22 milyon ton taxıl var.

Türkiyə BMT-nin rəhbərliyi altında Ukrayna taxılının daşınması və Rusiyanın ərzaq və gübrə ixracı üçün təhlükəsiz dəhliz yaradacaq mexanizmin yaradılması səylərində iştirak edir.

Türkiyə rəsmiləri bildiriblər ki, Türkiyə Qara dənizdə taxıl daşınmasını asanlaşdıracaq və qoruyacaq.

Aynurə Xudaverdiyeva