Çeçenistan lideri Ramazan Kadırov təkcə Ukraynanın deyil, digər Avropa dövlətlərini də məğlub etməyə hazır olduqlarını bildirib.
"Unikal" xəbər verir ki, Kadırov bu barədə sosial şəbəkə hesabından video yayımlayıb.
Çeçen lider "döyüşmək onun üçün zövq olduğunu" vurğulayaraq, Avropa xalqlarını ələ keçirməyə çağırıb. Kadırov Rusiyanın işğalını “xalqın rifahı və xoşbəxtliyi uğrunda müharibə” kimi qiymətləndirib və Ukrayna prezidenti Vladimir Zelesnkiyi təslim olmağa çağırıb.
Yayımladığı videoda Kadırov əslində NATO-ya qarşı vuruşduqlarını bildirib. O, həmçinin Qərbin Rusiyaya qarşı sanksiyaları geri götürəcəyini və Putindən üzr istəməli olacağını da iddia edib.
Kadırov Putinə müraciətində, "Rusiya arxamızdadır. Biz birlikdə çox güclüyük. Biz təkcə Ukraynanı deyil, bütün Avropanı məğlub edəcək qədər güclüyük və bunu edəcəyik. Məndən asılı olsaydı, indi tamamilə dəyərsiz olan bütün Avropa dövlətlərini götürərdim", - deyə bildirb.
Bəzi Avropa dövlətləri və hökumətlərinin Rusiya xalqı və Putin haqqında yersiz çıxışlar etdiyini iddia edən Kadırov, "Bu ölkələri yavaş-yavaş alardım. Beləliklə , ABŞ-ın heç bir müttəfiqi olmayacaq. Müharibə onlar bütün sanksiyaları götürənə və üzr istəyənə qədər davam etməlidir", - deyə Çeçenistan lideri bildirib.
Kadırov bu yaxınlarda Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Danışıqlardan sonra verdikləri bəyanatda hər iki tərəf “Ukraynanın nasistlərdən təmizlənməsi prosesinin davam etdiyini” vurğulayıb.
Kadırov bundan əvvəl Polşanı açıq şəkildə təhdid etmiş və Ukraynaya dəstək davam etdikcə onların hücumların hədəfi ola biləcəklərini vurğulamışdı.
Gülayə Mecid