Qaxda evdən 11 min manatlıq qızıl-zinət əşyaları oğurlayan Zaqatalalı qardaşlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqataladan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb. Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.