Real Madrid klub tarixində ən çox kubok qazanan və 15 illik karyerasına son qoyan Marselo ilə vida mərasimi keçirib.
"Unikal" xəbər verir ki, 34 yaşlı braziliyalı futbolçu Türkiyədə oynayıb-oynamayacağı ilə bağlı sualı da cavablandırıb.
Mərasimdə klub prezidenti Florentino Peres, menecerlər, məşqçi Karlo Ançelotti, bəzi futbolçular və braziliyalı futbolçunun ailəsi iştirak edib .
2007-ci ildə Real Madridə transfer olan Marselo klubda keçirdiyi 15 ildə 25 kubok qazanıb. Braziliyalı futbolçu Madrid komandası ilə 545 matçda 38 qol vurub və 103 məhsuldar ötürmə edib.
Real Madrid tarixində ən çox kubok qazanan Marselo vida mərasimində göz yaşlarını saxlaya bilməyib, "Mən özümü sadəcə futbol oynamağa həsr edirəm. Həyat yoldaşıma təşəkkür etmək istəyirəm, çünki futbol oynamağa başladığım gündən o, həmişə yanımdadır. Bugünkü halım onun sayəsindədir" dedi.
Roberto Karlosu hər zaman "ən yaxşı futbolçu və kumir" olaraq gördüyünü xatırladan Marselo , "Real Madridə onu əvəz etmək üçün gəldim. Amma hamımızın fərqli hekayələri var və öz hekayəmi yazdım" dedi.
Braziliyalı ulduz, "Türkiyədə oynayacaqsan?" sualına da cavab verib.
"Bilmirəm. Gələcəyimlə bağlı qərar verəndə, bəlkə bunu İnstaqramda izah edərəm" deyə cavab verib .