Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, yığmamız Millətlər Liqasında II dövrəyə start verib.
İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri Belarusla qarşılaşıb. Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edirdi.
Keçirdiyi bütün matçlarda oyun keyfiyyəti baxımından rəqibindən geri qalmasa da, istəyinə çata bilməyən millimiz “Dalğa Arena”dakı qarşılaşmada azarkeşlərini sevindirməyi bacarıb. İlk yarıda rəqibin müqavimətini qıra bilməyən komandamız yalnız son dəqiqələrdə Mahir Emreli və Ramil Şeydayevin topları sayəsində qrupda ilk qələbəsini qazanıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Bu, həm də yığmamızın turnirdə ilk qolları olub.
Qeyd edək ki, qrupun digər görüşündə Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək, liderliyini möhkəmlədib.