İyunun 14-də Kürdəmir rayonunun ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib.
"Unikal" xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri və valideynlər Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində keçirilən Son zəng tədbirində iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılıb. Daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. "Son zəng" mərasimini giriş sözü ilə açan məktəbin direktoru Zülfi Zahidov məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açıb.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik edib.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik edib, onlara müstəqil həyatda uğurlar arzulayıblar.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara veriblər.
Tədbirdən sonra içra başçısı Elxan İbrahimov məktəbdə təşkil edilmiş Şəhidlər guşəsində olub, vətənin bütövlüyü uğrunda canından keçmiş gəncləri ehtiramla yad edib. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı müvafiq tapşırıqlar verib.