Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib.
Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.
“Bakı Vaxtı Xəbər Portalı” MMC bu yüksək təşəbbüsə qoşularaq, “Şuşa İli” və Şuşanın 270 illik yubileyi münasibətilə “Bu qala bizim qala” sənədli filmini hazırlayıb.
Ekran əsərində Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır.