Milli Məclisin deputatı Aydın Mirzəzadənin ötən gün paylaşdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Deputat nəvəsini Səbail rayonunda yerləşən parklardan birinə aparıb. Orada uşaq attraksionunda pilləkənin sol tutacağının laxladığını gördüyünü və bu problemin aradan qaldırılması üçün Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng etdiyini bildirib. O, daha sonra sözügedən statusunu silib. Sosial şəbəkə istifadəçiləri deputatın daha önəmli işlər görməli olduğunu bildirərək onu tənqid ediblər.
Məsələ ilə bağlı Aydın Mirzəzadə "Unikal"a açıqlama verib:
"Mən səhifəmdə gördüyüm bütün işlərlə bağlı paylaşım edirəm. Həm gördüyüm böyük işlər, görüşlər və o cümlədən bu cür statuslar da yazıram. Təəssüf edirəm ki, bəzi insanlar böyük işlərə qiymət vermirlər, amma xırda bir məsələni şişirdirlər. Məgər, deputat haradasa xırda bir qüsurun olduğunu görəndə göz yumub getməlidir? Mən nəvəmlə həmin attraksionda olanda orada 10 nəfər valideyn var idi, amma onların heç biri həmin pilləkənin tutacağının laxladığına əhəmiyyət vermədilər. Hansı ki, onlar müvafiq qurumlara müraciət edə, və yaxud sosial şəbəkədə bu barədə yaza bilərdilər. Nəyə görə belə ictimai biganəlik var?
Deputat üçün böyük və kiçik məsələ yoxdur. Mən həmin statusu məqsədli şəkildə paylaşdım ki, vətəndaşlar hər şeyə göz yumub keçməsinlər. Hər şeyin bizə aidiyyatı var. Həmin statusa mütləq əksəriyyət müsbət reaksiya verdi. Bir qisim isə bəyənmədi. Bu, onların işidir. Mən əminəm ki, həmin şəxslər haradasa bir qüsur görəndə gözlərini yumub keçirlər. Bədbəxtliyimiz də, həmin insanların olmasındadır.
Nədənsə, insanlar hesab edirlər ki, sosial şəbəkə rəsmi səhifədir. Əslində, belə deyil. Bu, şəxsi səhifədir. Nəyisə paylaşıram, nəyisə silirəm, bu, mənim şəxsi işimdir. Əgər, buna görə kimdənsə icazə almalıyamsa, bundan sonra belə edərəm. Sadəcə, həmin insanlar ünvanlarını və telefon nömrələrini versinlər ki, paylaşmazdan öncə onlardan icazə istəyim", - deyə o bildirib.
Murad İbrahimli