Türkiyənin Bolu şəhərində qanlı ishalla özünü göstərən, anemiya və kəskin böyrək çatışmazlığı ilə nəticələnən yeni xəstəlik yayılıb. 

İçməli sudan qaynaqlanan bəzi xəstələrə müayinələrdən sonra Hemolitik Uremik Sindrom (Hemolytic Uremic Syndrome/HUS) diaqnozu qoyulub.

"Unikal" Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yuva kəndi ərazisində içməli sudan xəstələnənlərin sayı 98-ə çatıb.

14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam etdirilir. Həmçinin 17 xəstə müxtəlif şəhərlərdəki xəstəxanalara köçürülüb.

Ankaranın müxtəlif xəstəxanalarına köçürülən xəstələrin əksəriyyəti 1,5-15 yaş arası uşaqlardır. 

Kənddəki su çənindən götürülmüş nümunələr və çəni təmin edən mənbələrlə bağlı ətraflı araşdırmalar davam etdirilir.