Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Abşeron rayonunda binada baş verən yanğın zamanı 10 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib.