Bu ay PKK Türkiyə ilə barışacaq?


Kürd silahlıları martda Türkiyə ilə barışıq elan edəcək

Kürd Fəhlə Partiyasının (PKK) Şurası martın 21-də Türkiyə ilə barışıq elan olunması və avqustun 15-dən silahlıları ölkə ərazisindən çıxarılmasına başlanması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Yaxın Şərq sülh araşdırmaları Beynəlxalq mərkəzin İraq bölməsinin rəhbəri Çətinər Çətin bildirib. Müvafiq planı partiyanın banisi Abdulla Öcalanın təqdim etdiyi “yol xəritəsi” nəzərdə tutur.

“PKK rəhbərliyi Öcalanın “yol xəritəsini” dəstəkləyib və silahlı dəstələrini Türkiyənin ərazisindən çıxarmağa razı olub. Tarixlər təsadüfi seçilməyib - martın 21 Novruz bayramı qeyd olunur, avqustun 15-i isə PKK təsis edilib”, deyə Çətin bildirib.

Qeyd edək ki, 30 il davam edən qarşıdurmaya son qoymaq məqsədi ilə Türkiyə hökumətinin təşəbbüsü ilə 2012-ci ildən ölkə parlamentində təmsil olunan kürd partiyasının, Milli kəşfiyyat idarəsinin nümayəndələri və ömürlük həbs cəzasına məhkum olunmuş PKK-nın təsisçisi Abdulla Öcalan arasında müntəzəm görüşlər keçirilir. Ekspertin sözlərinə görə, fevralın 23-də baş tutmuş sonuncu danışıqlardan sonra Öcalan tərəfdarlarına “yol xəritəsini” təqdim edib. “Yol xəritəsində” o silahlı mübarizəyə son qoyulmasının zəruriliyini əsaslandıraraq vəziyyətin demokratik yolla nizamlanmasını labüd bilib.

Ekspert qeyd edib ki, hal-hazırda uzanmış münaqişəyə son qoyulmasına olan səyləri həm Türkiyə hökuməti həmdə kürd separatçıları dəstəkləyir. Lakin provokasiyaların olacağı istisna olunmur və bu cür halların qarşısını almaq məqsədi ilə PKK rəhbərliyi ən radikal nümayəndələrini təcrid olunması istiqamətində tədbirlər görür.

“Bundan başqa, partiya rəhbərliyi bütün dəstələrinə hökumət qüvvələri olan ərazilərdən aralı olmalarına və hər-hansı toqquşmalardan çəkinməyə dair tapşırıq verib”, deyə Çətinər Çətin qeyd edib.