Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, vurğuladı ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlətimizin başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin daha da genişləndirildiyini deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatında əməkdaşlığımızı vurğulayıb. Ölkəmizin bu təşkilat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun yaxşı nümunəsi kimi dəyərləndirib.
Xanım Dipuo Berta Letsatsi-Duba ölkəsinin Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərdiyini qeyd edərək, Cənubi Afrika Respublikasının əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğulayıb. Səfir münasibətlərimizin daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə edib.
Söhbət zamanı turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, iki ölkənin biznes dairələri arasında münasibətlərin yaradılmasının və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.
***
14:00
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirdi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini dedi, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd etdi və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini dedi. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırdı.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etdi.
Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
***11:12
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin və Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin, İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin, Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.