Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın nüvə silahından istifadə etməsinin 4 səbəbini sadalayıb və qeyd edib ki, bunlardan biri dövlətin mövcudluğuna təhlükə yaradan hərəkətlərdir və indiyədək bunlar müşahidə olunmayıb.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Medvedev Fransanın LCI telekanalına müsahibəsində Rusiya hərbi doktrinasının təhlükə yarandığı zaman taktiki nüvə silahından istifadə imkanını nəzərdə tutub-tutmaması ilə bağlı suala belə cavab verib: "Ölkəmizdə bu mövzuda hərbi doktrina açıqdır. "Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı xüsusi sənəd var. Və orada, 19-cu bənddə, səhv etmirəmsə, nüvə silahından istifadə üçün dörd əsas var. Fransa ictimaiyyəti üçün onları sadalayacağam. Bunlar nüvə raketlərinin buraxılması, nüvə silahından istifadə, nüvə silahlarına nəzarət edən kritik infrastruktura hücum və ya dövlətin özünün mövcudluğunu təhdid edən digər hərəkətlərdir. Hələlik belə hərəkətlər müşahidə olunmayıb”, - Medvedev bildirib.
O, daha əvvəl demişdi ki, indiki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür.