Avqustun 20-də Rusiyanın ən mühüm siyasi ekspertlərindən biri, həm də prezident Vladimir Putinin “beyni” kimi tanınan Aleksandr Duqinin qızı Darya Duqinanın Moskvada qətlə yetirilməsi Rusiyanı ayağa qaldırıb.
"Unikal" xəbər verir ki, 29 yaşlı jurnalist Duqina atasının avtomobilinə yerləşdirilmiş partlayıcı qurğunun partlaması nəticəsində dünyasını dəyişib.
Ukrayna hücumla heç bir əlaqəsi olmadığını iddia etsə də, Rusiya kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidməti (FSB) sui-qəsdin arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu iddia edib.
Rusiyanın Birinci Kanalı üçün hazırlanan sui-qəsdlə bağlı sənədli filmdə danışan Duqin iddia edildiyi kimi əsl hədəfin özü olmadığını bildirib. “Darya Duqina niyə öldürüldü” sənədli filmində danışan Duqin “Heç bir səhv yox idi. Hədəf qızım idi. Onu öldürmək üçün hər şeyi etdilər", - deyib.
Qızının Rusiya ilə bağlı siyasi fikirlərinə görə hədəf alındığını qeyd edən Duqin, "O, güclü dövlət ideyasını müdafiə edirdi", - bildirib. Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Duqin, sui-qəsdin məsuliyyətinin Ukrayna olduğunu bir daha vurğulayıb.
Gülayə Mecid