Rusiya Federal Təhlükəsizlik Xidməti filosof Aleksandr Duqinin qızı Darya Duqinanı qətlə yetirməkdə şübhəli bilinən Ukrayna vətəndaşı Boqdan Tsıqanenkonun hərəkətini əks etdirən videogörüntü nümayiş etdirib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, Tsqanenko iyulun 30-da Ukrayna pasportu ilə Rusiya Federasiyası ərazisinə daxil olub. FSB həmçinin Tsqanenkonun Natalya Vovkla Moskva ətrafında hərəkəti və Donetsk Xalq Respublikasından gələn avtomobil nömrələrinin Qazaxıstan nömrələri ilə dəyişdirilməsini əks etdirən kadrları nümayiş etdirib.
Daha əvvəl FSB Duqinanın qətlində daha bir şəxsin əli olduğunu bildirmişdi, xüsusi xidmət onu Ukrayna diversiya qrupunun üzvü hesab edir.
Avqustun 20-də rusiyalı jurnalist Darya Duqina avtomobilin partlaması nəticəsində dünyasını dəyişib. O, atası filosof Aleksandr Duqinin mühazirə oxuduğu Ənənə festivalından qayıdırdı.
FSB bildirib ki, jurnalistin qətlində şübhəli bilinən Ukrayna vətəndaşı Natalya Vovk qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və avqustun 20-də ölkəni tərk edib.