Dünyada meymunçiçəyinə yoluxmuş insanların sayı 50 mini keçib. Son 7 gün ərzində bu xəstəliyə 6000-dən çox yeni yoluxma halı aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Onun avqustun 31-də açıqladığı statistik məlumatlara görə, hazırda 50 496 nəfər xəstədir, 16 nəfər ölüb. Son yeddi gündə üç ölüm də daxil olmaqla, 6,029 yeni hadisə qeydə alınıb.
Ən çox hal ABŞ-da (17,994). İlk onluğa İspaniya (6543), Braziliya (4693), Fransa (3547), Almaniya (3467), Böyük Britaniya (3413), Peru (1463), Kanada (1228), Hollandiya (1160) və Portuqaliya (846) daxildir.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədə keçirdiyi brifinqdə Amerika qitəsinin bir sıra ölkələrində infeksiyaların yarıdan çoxunu təşkil edən “yeni infeksiyaların sayının artdığını” söyləyib. Bununla belə, Kanadada “sabit eniş tendensiyası” müşahidə olunur. "Bəzi Avropa ölkələrində, o cümlədən Almaniya və Hollandiyada meymunçiçəyi epidemiyasının səngiməsinin bariz göstəricisi var", - ÜST rəhbəri bildirib.
Effektiv ictimai sağlamlıq tədbirləri vasitəsilə epidemiyanın qarşısını almaq olar və meymunçiçəyi virusunu “aradan qaldırmaq mümkündür” deyə ÜST rıəhbəri bildirib.
Meymunçiçəyi, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik yağış meşələrinin yaxınlığında baş verən nadir virus xəstəliyidir. Bu xəstəliyin heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikası ərazisində qeydə alınıb. ÜST-nin məlumatına görə, bu virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür və onun insandan insana ötürülməsi ilə ikincil yayılması məhduddur. Tipik olaraq, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti 1% ilə 10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir. Meymun xəstəliyinə qarşı xüsusi peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvənd 85% səviyyəsində bu xəstəliyə qarşı qorunma təmin edir.