NATO-nun baş katibi Yens Stoltenberq sentyabrın 30-da saat 18:00-da Şimali Atlantika Alyansının qərargahında planlaşdırılmamış mətbuat konfransı keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə alyansın saytı məlumat yayıb.
Bundan əvvəl NATO “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə dəyən ziyanın və qaz sızmasının təxribatın nəticəsi olduğunu bildirib.
NATO üzvləri “dövlət və qeyri-dövlət aktorları tərəfindən məcburi enerji istifadəsi və digər hibrid taktikaların” qarşısını almağa və müdafiə etməyə söz verdilər. Alyans NATO müttəfiqlərinin kritik infrastrukturuna hücum halında güclü cavab vəd edib.
Şimali Atlantika Alyansı qeyd edib ki, təşkilat qaz kəmərlərinin zədələnməsinin səbəblərini müəyyən etmək üçün aparılan araşdırmaları dəstəkləyir.
Bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu Baltik dənizinin dibi ilə çəkilmiş “Şimal axını 1” və “Şimal axını 2”nin qəsdən zədələndiyini müəyyən edib. Rusiya Federal Təhlükəsizlik Xidməti beynəlxalq terrorizmlə bağlı cinayət işi açıb.
Gülayə Mecid