Myanmanın Kaçin əyalətində separatçı Kaçin Müstəqillik Ordusunun (KİA) 62-ci ildönümü münasibətilə təşkil olunan konsertə hava zərbəsi nəticəsində azı 50 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
"Unikal" xəbər verir ki, Myanmada 2021-ci il fevralın 1-də baş verən hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən xunta Kaçin əyalətindəki konsert məkanına hava zərbəsi endirib. Kansi bölgəsində separatçı Kaçin Müstəqillik Ordusunun (KİA) qurulmasının 62-ci ildönümü münasibətilə təşkil edilən konserti hədəf alan hücumda orduya aid 2 döyüş təyyarəsi tərəfindən hücum təşkil edildiyi bildirilib. .
KİA-nın sözçüsü polkovnik Naw verdiyi açıqlamada hücumda ən azı 50 nəfərin öldüyünü, 100-ə yaxın insanın yaralandığını bildirib.
Hadisə şahidləri bölgə əhalisinin heç bir şəkildə xəbərdar edilmədiyini, yerli vaxtla saat 20:30 radələrində 3 böyük partlayışın baş verdiyini bildiriblər. Şahidlər həmçinin iddia ediblər ki, hərbçilər təcili yardım işçilərinin yaralıları Hpakant şəhərindəki xəstəxanaya çatdırmaq cəhdinin qarşısını alıblar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Myanma ofisindən verilən açıqlamada hava hücumundan "dərin narahat və kədərləndikləri" ifadə edilərək, təhlükəsizlik qüvvələrinin silahsız mülki şəxslərə qarşı həddindən artıq və qeyri-mütənasib güc tətbiqinin qəbuledilməz olduğu vurğulanıb. BMT-nin bildirdiyinə görə, məsul şəxslər məsuliyyətə cəlb edilməlidir.
Amnesty İnternational-dan Hana Young açıqlamasında deyib: “Hərbçilər müxaliflərə qarşı artan hücumlarında mülki insanların həyatına qarşı amansız laqeydlik nümayiş etdiriblər. Hərbçilərin hücumun bu bölgəsində əhəmiyyətli mülki varlığından xəbərsiz olduğuna inanmaq çətindir. Hərbçilər bu hava hücumlarından zərər çəkənlərə və ehtiyacı olan digər mülki şəxslərə dərhal tibbi və humanitar yardım almaq imkanı verməlidir”.
Kaçin əyalətində hər il təxminən 30 milyard dollar dəyərində nefrit minaları çıxarıldığı halda, bölgədə üsyançılarla ordu arasında toqquşmalar baş verir. Hücum ordunun Kaçin üsyançılarının Myanmadakı çevrilişə müqavimət göstərmək üçün yaradılmış digər silahlı qruplara dəstəyinə görə qisas alması və ya xəbərdarlığı kimi şərh edilib.
Digər tərəfdən, Myanmada qətllər və insan haqları pozuntularını sənədləşdirən Siyasi Məhbuslara Yardım Dərnəyinin məlumatına görə, çevrilişdən sonra ən azı 2370 nəfər ölüb, 15900-dən çox adam həbs edilib.
Gültəkin Ələsgər