Yaponiya nümayəndə heyəti Orta Dəhlizin imkanlarının araşdırılması məqsədilə Azərbaycana səfər edib.
"Unikal" xəbər verir ki, bu gün Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye və Xarici İşlər nazirlikləri, yapon şirkətləri və Yaponiyanın Bakıdakı Səfirliyinin nümayəndələri iştirak ediblər. Nazir müavini Rəhman Hümmətov çıxışında qarşılıqlı səfərlərin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Rəhman Hümmətov Orta Dəhlizin imkanları barədə geniş məlumat verərək fiziki infrastrukturun inkişafı ilə yanaşı, tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, dəhlizin rəqəmsallaşdırılması kimi tədbirlərin görülməsinin zəruri olduğunu söyləyib.
Nazir müavini əlavə edib ki, Türkiyə və Gürcüstan ilə birgə Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikinti işlərinin tez bir zamanda başa çatdırılması və ötürücülük qabiliyyətinin ardıcıl artırılması istiqamətində səylər gücləndirilib.
Eyni zamanda Rəhman Hümmətov Zəngəzur dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
“Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək” – deyə nazir müavini vurğulayıb.
Görüş zamanı Orta Dəhlizin rəqəmsallaşdırılmasının tranzit daşımaların şəffaflığı və daşıyıcılar üçün bərabər şəraitin təmin edilməsi baxımından ən mühüm vasitələrdən biri olduğu qeyd
edilib.Dəhliz üzərində yerləşən ölkələrin birgə səyləri və səmərəli əməkdaşlığı ilə Orta Dəhlizin rəqabətə davamlı, intensiv istifadə olunan marşruta çevriləcəyinə əminlik ifadə olunub.