Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Səmədabad kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Aran Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili dərinliyi təqribən 1,5 m olan su kanalına aşıb, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***11:06
Yevlaxda “BMW” markalı avtomobilin su kanalına aşırması nəticəsində daha bir nəfər ölüb.
"Unikal" xəbər verir ki, qəza nəticəsində axtarışları davam etdirilən Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla da qəza zamanı ölənlərin sayı 3-ə çatıb.
***10:55
Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***09:57
Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.
"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.
Onların meyiti tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.