
Türkiyədə səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin fövqəladə hallar üzrə mütəxəssisi Fumio Kaneko qorxulu proqnoz verib.
Unikal.org-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Fumio Kaneko 2006-cı ildən bəri Qəndil Rəsədxanasında Mərmərə zəlzələsini araşdırdığını, Türkiyədə zəlzələ ilə bağlı məktəblərdə təşkil olunan təlimlərin yetərli olmadığını söyləyib.
Fumio Kaneko qarşıdakı bir neçə il ərzində Türkiyədə 7-7,5 bal gücündə zəlzələ gözlədiklərini söyləyib. O, Yaponiya ilə müqayisədə bu gücdə zəlzələnin Türkiyədə daha çox dağıntı törədəcəyini bildirib. Fumio Kaneko bunu Yaponiyadakı binaların Türkiyədəki binalardan 2-3 qat daha təhlükəsiz olması ilə izah edib.
Mütəxəssis zəlzələnin ocağının Mərmərə dənizində olacağını və sunami yaranmasına yol açacağını da qeyd edib: “Tələfatın miqyası şəhərlərə görə dəyişəcək. Yaranan sunami Bursanı da vuracaq, ancaq sunaminin təsirinə daha çox İstanbul məruz qalacaq”.