Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhərində diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürklə görüşüb.
"Unikal" xəbər evrir ki, görüşdə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov Zeki Öztürkü salamlayaraq onun diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərindən danışıb. O qeyd edib ki, Zeki Öztürk Gəncə şəhərinin ağır dönəmlərində gəncəlilərin yanında olub, öhdəsinə düşən bütün vəzifəni layiqincə və şərəflə yerinə yetirib. Zeki Öztürkün diplomatik fəaliyəti dövründə Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” və ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” misraları təsdiqini tapıb. Niyazi Bayramov konsulun uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib və konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Zeki Öztürk, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnədarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edən konsul bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını söyləyib.
Tədbirdə iştirak edən rəsmilər Zeki Öztürkün Gəncə şəhərindəki diplomatik fəaliyyətindən bəhs edib və konsula gələcək işlərində uğurlar diləyiblər.
Daha sonra Niyazi Bayramov Zeki Öztürkü Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi xüsusi fəallığa və fədakarlığa görə “Təşəkkürnamə” ilə təltif edib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.