Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə vahid müdafiə məkanının yaradılmasını müzakirə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə dekabrın 19 -da Minskdə Putin və Lukaşenko arasında danışıqlar zamanı Rusiya prezidenti bildirib. Rusiya lideri son üç ildə ilk dəfə Belarusa səfər edib.
“Əlbəttə, bugünkü danışıqlar zamanı biz vahid müdafiə məkanının formalaşdırılması, İttifaq dövlətinin təhlükəsizliyinin təmin edilməsi, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. KTMT-yə sədrlik yanvarın 1-dən Belarusa keçəcək”, - deyə Putin danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Moskva və Minsk ölkələrin təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün birgə bütün tədbirləri görəcəklər, prioritet qoşunların hazırlanması məsələləridir. “Biz ölkələrimizin təhlükəsizliyini etibarlı şəkildə təmin etmək, qoşunların hazırlığına üstünlük vermək, onların döyüş hazırlığını və döyüş qabiliyyətini artırmaq, müntəzəm birgə təlimlər və digər təlimlər praktikasını davam etdirmək üçün bütün zəruri tədbirləri birgə görməyə davam etməyə razılaşdıq".
O xatırladıb ki, Rusiya və Belarusun ümumi hərbi doktrinasının ardıcıl icrası çərçivəsində birgə hərbi planlaşdırma aparılır. “Rusiya-Belarus regional qoşun qruplaşması fəaliyyət göstərir. Hazırda Belarus ərazisində ölkəmizin birləşmə və hərbi hissələrinin döyüş koordinasiyası üçün tədbirlər həyata keçirilir”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, vahid hava hücumundan müdafiə sistemi yaradılıb və döyüş növbətçiliyi aparılır.
O, həmçinin bildirib ki, Rusiya Federasiyası və Belarus yeni hərbi texnikanın hazırlanması barədə razılığa gəliblər.
Gültəkin Ələsgər