"Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçəni süpürən adam, 500 manat maaş alan vergi ödəyəcək, 8 min manata qədər maaş alan İT mütəxəssisi gəlir vergisi verməyəcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir:
"Azərbaycanda sanki bunun əksi prosesi gedir. Son zamanlar vergi və rüsumlardan azad olunma nəzərdə tutulub. Bəs kim büdcəyə vergi verməlidir? 300-500 manat maaş alanlar? Bu qanun layihəsi sosial ədaləti pozur, konstitusiyaya ziddir. Mən bu qanun layihəsinin əleyhinəyəm”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, 8 min manatlıq həddə qədər vergidən azadolma 2019-cu ildə qəbul olunub:
"Bu, İT sektora aid deyil. Bu, qeyri-neft, qeyri-dövlət sektoruna aiddir. 2026-cı ildən etibarən İT sektorunda çalışan əməkdaşlar üçün 0 deyil, 5 faizlik hədd müəyyən edilir. Düşünürük ki, ayrı-seçkilik kimi sektoru göstərmək doğru deyil".
Anar Kəlbiyev