"Vasif Talıbovun nəinki Naxçıvan Muxtar Respublikasına, kiçik bir rayona rəhbər vəzifəyə layiq keyfiyyətləri yox idi. O, 30 ilə yaxın rəhbərlik dövründə Naxçıvanı şəxsi təsərrüfat vəziyyətinə saldı. Belə ki, bütün qohumlarını rəhbər vəzifələrə yerləşdirdi, Naxçıvan camaatına divan tutdu, muxtar respublikanın büdcəsini dağıtdı".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, Vasif Talıbov orada yaşayanları dövlətdən narazı salıb, insanlar muxtar respublikadan gedib:
"Naxçıvanda Azərbaycan hakimiyyətinin apardığı siyasətə zidd olaraq düşmən olan qüvvələrlə siyasət aparıb. Naxçıvanı tədricən Azərbaycanın suverenliyindən çıxarmağa və orada müstəqil dövlət yaratmağa cəhd göstərib. Bu ərazi Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Baş verən hadisələrlə bağlı Türkiyədə də ciddi narahatlıqlar var idi. Dəfələrlə Türkiyədə olanda orada görüşdüyüm yüksək rütbəli şəxslərdən Naxçıvanda baş verənlərlə bağlı müəyyən iradlar eşitmişəm. Ümumiyyətlə, adamların 25-30 il vəzifədə qalması Azərbaycan dövlətinin ən böyük qüsurlarından biridir. Həmin şəxslər elə-belə uzun müddət vəzifədə qalmırlar. Bunları vəzifədə saxlayan qüvvələr var. İndi onların haqqında ortaya bu qədər cinayət işləri çıxıb. Onların arasında adam öldürməkdən tutmuş, kütləvi halda insan hüquqlarının pozulması, dövlət büdcəsinin dağıdılması, hakimiyyətə tabe olmamağa qədər hər cür cinayətlər var. Baxaq görək ki, hüquq-mühafizə orqanları Vasif Talıbov və onun klanı ilə bağlı hansı qərarları qəbul edəcək. Əsas məsələ işdən çıxarılması deyil, onun elə bir qaydada məsuliyyətə cəlb olunmasıdır ki, bundan sonra kimsə Vasif Talıbovun yolunu tutmasın. Yoxsa, sabah Naxçıvanda kimsə rəhbər olsa, eyni cinayətkar yolla gedəcək".
Naxçıvanın idarəedilməsində hansısa dəyişikliklərin ola biləcəyinə gəlincə, S.Cəlaloğlu qeyd edib ki, orada strukturun dəyişdirilməsindən daha vacib məsələ düzgün kadr siyasətinin həyata keçirilməsidir:
"Naxçıvan Azərbaycanın başqa yerlərindən fərqli olaraq çox mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, bizə qarşı düşmən olan ölkələr - İran və Ermənistanla sərhəddə yerləşir. Ora xalqını, millətini sevən, siyasi cəhətdən ayıq-sayıq şəxs təyin edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan və Türkiyə ittifaqı üçün problem yaratmasın. Bu mürəkkəb coğrafiyada düzgün siyasət aparılsın, nəinki Azərbaycandan ayrılmasın, daha sıx formada bağlansın".
Anar Kəlbiyev