"Üçtərəfli bəyanatın bir çox müddəalarını pozan Ermənistandır. Onların silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılması, delimitasiya, demarkasiya prosesinin başlanılması, kommunikasiyaların açılmasını əks etdirən müddəalar həyasızcasına və bilərəkdən Ermənsitan tərəfindən pozulub. Bu, beynəlxalq hüquqa hörmətsizlikdir".
Bunu "Unikal"a açıqlamasında deputat Kamran Bayramov deyib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) buna qiymət verməlidir:
"Ona görə ki, BMT beynəlxalq hüququn aliliyini təşviq edən qurumdur. Özləri deyir ki, üçtərəfli bəyanatın müddəaları pozulur, amma onun kim tərəfindən və hansı formada pozulmasını nə araşdırır, nə də dilə gətirirlər. Burada qərəzdən də söhbət gedir. Üçtərəfli bəyanatın icrasına çağıran BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər bu məsələni araşdırmalı, Azərbaycanı dinləməli, mövqeyimizi öyrənməlidirlər. Görsünlər ki, həqiqi olaraq hansı tərəf üçtərəfli bəyanatı icra etmir".
BMT Təhlükəsizlik Şurasında (TŞ) Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə münasibət bildirən deputat qeyd edib ki, orada yalnız bir tərəfin arqumentləri nəzərə alınıb və səsləndirilib:
"Bu cür münasibət anlaşılan deyil. Bu, məsələyə birtərəfli qaydada baxışdır. Xankəndi-Laçın yolunda ekoloji aksiya ilə bağlı dinləmələr onu göstərdi ki, Azərbaycana qarşı müəyyən hörmətsizlik göstərilib. Orada Dağlıq Qarabağ termini istifadə olunub. Heç bir araşdırma aparmadan bu cür mövqeyin sərginlənməsi sülh danışıqları prosesinə də müəyyən zərbədir. Bizim üçün təəccüblü deyil ki, Ermənistan yenə də ortalığa düşüb, özünü dünyaya qurban kimi təqdim etmək, Azərbaycanı isə pisləmək istəyir. Ekoloji aksiyanı blokada rejiminin tətbiqi, humanitar böhran kimi təqdim edir. Biz reallıqda görürük ki, Azərbaycan yalnız öz ərazilərində ekoloji vəziyyətin bərpa olunmasını, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınmasını tələb edir".
K.Bayramov əlavə edib ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin bu cür münasibət sərgiləməsi qərəzlidir:
"O dövlətlərdə fəaliyyət göstərən ermənipərəst dairələr çalışırlar ki, bu məsələdə gərginlik yaratsınlar, sülh danışıqlarına, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə müəyyən zərbə göstərsinlər. Bu, xəşagəlməz məsələdir. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi müvafiq çıxış edərək erməni yalanlarını ifşa edib. Eyni zamanda, Xarici İşlər Nazirliyi həmin dinləmələrə münasibət bildirib. BMT Təhlükəsizlik Şurası bu məsələdə diqqətli olmalıdır".
Anar Kəlbiyev