Şəhərimizin  sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə  Xətai  rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında yeni ilə hazırlıq işləri görülüb. Rayon ərazisində  tərtibat və bəzək işləri aparılıb.  

"Unikal" xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında,  Yusif Səfərov, M.Hadi və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və dekorasiyalar quraşdırılıb.

Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka möhtəşəm görünüşü ilə  körpələri sevindirir. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.

Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılır.