"Belə şəraitdə avtomobildən istifadə etməmək imkanınız varsa, yola çıxmayın. Hər bir halda təhlükə adi günlərlə müqayisədə qat-qat yüksəkdir".
"Unikal" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseyno deyib. O bildirib ki, maddi ziyana düşmək, xəsarət almaq ehtimalı böyükdür:
"Unutmayın ki, indiki şəraitdə təhlükəsizlik hər kəsin özündən çox, ətrafdakıların davranışından asılıdır. Avtomobilinizdə qış üçün, qar-buz üçün təkər yoxdursa, onu tərpətməyin. Hətta qar-buz üçün olan təkər də sürüşür, bunu da unutmayın. Ən başlıcası, qarda-buzda sürmə təcrübəniz yoxdursa, avtomobillə yola çıxmayın. Unutmayın, ən mükəmməl təchizatı olan avtomobil də uyğun təcrübəsi olmayan sürücünün əlində heç nəyə yaramaya bilər. Nəzərə alın ki, ən tez donan və buzu gec açılan yerlər körpülərin üstü və külək döyən yerlərdir. Həmin yerlərdə çox diqqətli olun. Piyadalara qarşı həmişəkindən daha diqqətli olun, çüki onlar da rahat hərəkət edə bilmirlər, hətta hərəkət hissəsində, piyada keçidində anidən yıxıla bilərlər".
"Proqnozlar onu göstərir ki, gün ərzində ölkənin əksər yerlərində, o cümlədən Abşeronda qar yağmaqda davam edəcək. Ona görə də indiki saatlarda və günorta vaxtı yolları boş görüb avtomobillə yola çıxmayın. Çalışın, bu günü avtomobilsiz keçirin. Çünki axşama doğru yollarda qar kütləsinin və buzlaşmanın artaması gözlənilir. Gündüz yola rahat çıxsanız da, axşam evə qayıtmağınız çıx ciddi problem ola bilər, uzunmüddətli tıxacda qala bilərsiniz", - deyə ekspert bildirib.