Həyatları yalnız aparatdan asılı olan insanlar...
02:32 06-04-2012
CƏMİYYƏT
Həyatları yalnız aparatdan asılı olan insanlar...
Azərbaycanda 1850 hemodializ xəstəsinin aqibəti necə olacaq?
Bu gün dünyada 1 milyon əhaliyə 200-250 hemodializ xəstəsi düşür ki, Azərbaycanda bu rəqəm 196 nəfər təşkil edir. Hesablamalara görə, hazırda ölkəmizdə təxminən 1850 hemodializ xəstəsi var ki, onlardan 1811-i dövlət hesabına pulsuz dializ alır.
1 saylı şəhər xəstəxanasının Hemodializ şöbəsi hər gün xəstələrlə dolu olur. Bu dünyadan ikiəlli yapışmaq üçün onlar bir gündən bir özlərini bu dəmir çarpayıya bağlayırlar. Çünki onları həyata bağlayan tellərin nə qədər etibarsız olduğunu yaxşı başa düşürlər.
Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev açıqlamasında bildirib ki, aparatdan asılı olmasına baxmayaraq dializ xəstəsi 25-30 il də yaşaya bilər. Dializ aparatına bağlı yaşamaları isə xəstəliyin müalicəsi yox, sadəcə bu xəstələrin həyat tərzidir. "Xəstənin arterial qanı xüsusi iynə ilə bədəndən filtrlərə xaric olunur. Burada qanda 60-65 faiz zəhərin miqdarı azalır. Bu da xəstəyə 48-72 saat ərzində normal fəaliyyəti davam etdirməyə imkan verir", - deyə Fariz Babayev bildirir.
Xroniki böyrək çatışmazlığı sağalması mümkün olmayan xəstəlikdir və çıxış yolu kimi xəstələrə ancaq böyrək köçürülməsi nəzərdə tutulur. Buna da çoxları razılıq vermir. Bahalı əməliyyat olduğu üçün yox, nəticənin uğurlu alınacağından arxayın olmadıqları üçün çoxu bundan çəkinir.
Hemodializ xəstəsi olan Pakizə Cəlilova atası və digər qohum-əqrəbasını bu xəstəlikdən itirib: "Böyrəklərini dəyişdilər, bir il yaşadılar, öldülər. Bir qardaşım da bu xəstəlikdən yatır. Böyrək köçürülməsini istəmirəm. Çünki əmim qızlarına böyrək köçürtdülər, lakin bir il sonra öldülər. Həm pulları getdi, həm də canları".
Elə məhəbbət şairi Nüsrət Kəsəmənli də məhz böyrək köçürülməsi zamanı İranda dünyasını dəyişmişdi. Həkimlər isə bu qədər pessimizmə qapılmağın tərəfdarı deyillər. Çünki ötən ilin dekabrında 4 uğurlu böyrək köçürmə əməliyyatı aparılıb.
Cərrah transplantoloqlar çıxış yolunu böyrək köçürmədə görürlər. "Dializ özü müalicə metodu deyil. Yəni dializ olunan xəstə müalicə olunub normal həyata qayıtmır", - deyə Mərkəzi Neftçilər Xəstəxanasının İnsan orqan toxumalarının transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.
Bu gün bir çox dövlətlər isə ölmüş insanın böyrəyindən istifadəni məqbul hesab edirlər. Hər 2 böyrəyi götürülən xalq şairi Zəlimxan Yaqub da böyrək köçürülməsinə böyük ümid edir.
Qeyd edək ki, bu gün bir dializ xəstəsinin illik müalicəsi 13 min 500-15 min manata başa gəlir. Əgər bu gün Azərbaycanda 25 dializ mərkəzi varsa, 2003-cü ilə qədər cəmi bir özəl klinikada dializ aparatı vardı. O vaxtlar dializ xəstələri ancaq öz vəsaitləri hesabına müalicə ala bilirdilər.
Hemodializ Xəstələri İctimai Birliyinin sədri Zemfira Həsənovanın həyat yoldaşı da məhz o illərdə bu xəstəlikdən dünyasını dəyişib: "Hər seansa indiki pulla 50 manat verirdik. O qədər çətin bir proses idi ki, 23 il qazandığımızı iki ildə tibbi xidmətlərə xərclədik".
Dializ xəstələrilə bağlı proqram Azərbaycanda yalnız 2006-ci ildə qəbul edilib və proqrama Dövlət Büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Amma bunun özü də hələ ki, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin pulsuz dializ almasına yetərli deyil. Bu gün Səhiyyə Nazirliyində 39 nəfər dializ növbəsindədir.
Ləman Əşrəfqızı
Digər Xəbərlər
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13