Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb. Ondan 13 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı Nicat Babayev Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndi ərazisində saxlanılıb.
Ona məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə 7 kiloqrama yaxın heroin, 5 kiloqram 200 qram həşiş qətranı, 500 qram marixuana, 390 qrama yaxın metamfetamin və 230 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, N.Babayev həmin narkotik vasitələrin satışını təşkil etməliymiş.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 11 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.