Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru, tibb üzrə elmlər namizədi Təhminə Tağı-zadə və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramının direktoru Roman Yahoda beynəlxalq əməkdaşlıq potensialının gücləndirilməsi və xarici ali təhsil müəssisələri ilə qarşılıqlı münasibətlərinin genişləndirilməsi məqsədilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindədirlər.
"Unikal" xəbər verir ki, səfər zamanı bu ölkənin Karlov Universitetində təşkil olunan görüşdə prorektor Təhminə Tağı-zadə və ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramının direktoru Roman Yahoda Akademiyada həyata keçirilən proqram haqqında ətraflı məlumat veriblər. Qarşılıqlı akademik mübadilə və elmi əməkdaşlıq sahəsində əlaqələri daha da genişləndirmək məqsədilə ASAPES və Karlov Universiteti arasında anlaşma Memorandumu imzalanıb.
Memorandum ASAPES-in prorektoru Təhminə Tağı-zadə və Karlov Universitetinin Maliyyə direktoru Radim Zelenka tərəfindən imzalanıb. Görüşdə həmçinin ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramının direktoru Roman Yahoda, Karlov Universitetinin Fizioterapiya departamentinin rəhbəri Tereza Novakova, eyni zamanda Beynəlxalqləşmə üzrə dekan müavini Lenka Henebergova iştirak ediblər.
3 istiqaməti əhatə edəcək sənədə əsasən, tərəflər bakalavr səviyyəsi üzrə fizioterapiya sahəsində əməkdaşlıq üçün müəllim və tələbə mübadiləsi, həmçinin birgə tədqiqat proqramı və tədbirlər həyata keçirəcəklər.
Əldə edilən razılığa əsasən, artıq cari ilin aprel ayının sonunda ASAPES-də praktiki seminarlarla 1-ci mübadilə səfəri baş tutacaq. Proqram direktoru Tereza Novakova uzunmüddətli layihənin ilk addımı olaraq paytaxtımızda uşaq reabilitasiyası üzrə maarifləndirici sessiyalar keçirəcək.
Bundan başqa, ASAPES rəsmiləri Karlov Universitetinin İdman İdarəetmə Departamentinin Dekanlar Şurasının üzvü Daniel Opelik və İdman İdarəetmə Departamentinin üzvü Josef Voracek lə də idmanın idarə edilməsi sahəsində görüş keçiriblər. Görüş zamanı əməkdaşlığın müxtəlif sahələri, o cümlədən ikili diplom proqramının yaradılması imkanları müzakirə edilib.