Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və Milli Məclisin deputatı Naqif Həmzəyev iştirak ediblər.
Əvvəlcə Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün universitetdə xatirə kompleksi önünə gül qoyulub və ökəmizin bütövlüyü, suverenliyi uğrunda canından keçən Şəhidlərin xatirəsi ehtiramla yad edilib.
AzMİU-nun ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək 20 Yanvar hadisələri, bu hadisələrə gətirib çıxaran siyasi-ictimai proseslər haqqında danışıb. Prorektor bildirib ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi və SSRİ rəhbərliyi buna göz yumurdu, hətta Ermənistana bu çirkin niyyətində yardım edirdi. Baş verənlərin nəticəsi olaraq respublikada geniş sosial spektrli xalq hərəkatının yarandığını və proseslərin gedişinin tədricən milli azadlıq hərəkatına çevrildiyini deyən Orxan Naqdiyev qeyd edib ki, Bakıya ordu yeridilməsi və qırğın törədilməsi xalqımızın milli azadlıq müqavimətinin qırlmasına yönəlik addım idi.
Prorektor çıxışında 20 Yanvar hadisələrinin ictimai-siyasi əhəmiyyətinə toxunaraq faciyəyə o vaxtki hakimiyyət tərəfindən heç bir hüquqi-siyasi qiymət verilmədiyini nəzərə çatdırıb. O bildirib ki, yalnız ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində dünya bu hərbi cinayətdən xəbərdar olub və hadisəyə hüquqi-siyasi qiymət verilib.
AzMİU tələbələrinin, məzunlarının, eləcə də professor-müəllim heyəti tərəfindən milli təhlükəsizlik, dövlətçilik məsələlərinə xüsusi həsaslıqla yanaşıldığını əlavə edən Orxan Naqdiyev 20 Yanvar hadisələri zamanı universitetin tələbə və məzunlarının da Şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, hadisələr zamanı AzMİU-nun tələbələri Fuad Babayev, Ələsgər Qayıbov və məzunları Bayram Əliyev, Mehman Muradov ölkəmizin və xalqımızın azadlığı uğrunda canını fəda edərək Şəhid olublar.
Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında 20 Yanvar hadisələrini Azərbaycan xalqının milli-azadlıq mücadiləsinə qarşı qəsd adlandırıb. Deputat qeyd edib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də, onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdıldığını qeyd edən Naqif Həmzəyev tələbələrə 20 Yanvar hadisələrini daha da dərindən öyrənməyi tövsiyə edib.
Çıxışlardan sonra 20 Yanvar faciəsi haqqında film izlənilib.
Qeyd edək ki, bu il Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1990-cı ildə Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi hərbi cinayətə əl atıb. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.