"Ötən il təhsilimiz üçün uğurlu olmadı. Təhsildə bir sıra ciddi problemləri müşahidə edirik, onların da böyük əksəriyyəti həll olunmur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan təhsili ildən-ilə inkişafa yox, tənəzzülə doğru gedir: "Elm və Təhsil Nazirliyi yaradıldı. Nazirliyə verilən strukturlarla bağlı hansı işlər gedir? Bu gün hansısa konkret iş yoxdur. Tənqidlər səsləndiririk, onların heç birinə fikir bildirilmir. Biz təhsilimizin inkişafını müzakirə etmək əvəzinə, sanitar qovşaqları müzakirə edirik. Bu, ciddi bir məsələdir".
Komitə sədri Bəxtiyar Əliyev təhsilimizin tənəzzülə getməsi fikri ilə razılaşmayıb: “Bəs bu qədər müəllimlərimizin əməyi hara gedir? Bu cür ümumiləşdirmənin tərəfdarı deyiləm. Təhsildə uğurlarımızla yanaşı problemlərimiz də var. Onları da müzakirə etməliyik".
Anar Kəlbiyev