Bu gün Azərbaycanda həm AMEA, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarda 40 yaşına qədər olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat, AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, bu say təbii ki, azdır: “Səbəblər araşdırılır, elmin gənclərişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlayıb. Bu məsələdə dünya təcrübəsi öyrənilir".
O qeyd edib ki, AMEA-da sosiologiya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb:
"Bu sahədə yeni nəsil hazırlamaq istəyirik. AMEA-da geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb. Ölkədə sosiologiya indeksi üzrə alimlərin sayı çox azdır. Bu sahədə ən tanınmış alimimizin 85 yaşı var. Orta nəsil isə demək olar ki, barmaqla sayıla biləcək qədərdir. Bu problemin həlli ilə artıq ikinci-üçüncü ildir məşğuluq”.
Anar Kəlbiyev