Yanvarın 19-da Bakı şəhər prokurorluğunun rəhbərliyi və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilib.
"Unikal" xəbər verir ki, giriş nitqi ilə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində 2022-ci ildə də bütün sahələrdə tərəqqi və inkişafa nail olunmuş, dövlətimizin beynəlxalq nüfuzu daha da möhkəmlənib.
2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87.3% təşkil edib.
Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.
2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olub.
Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırıb.
Quldurluqla bağlı müvafiq dövr ərzində qeydə alınmış 61 hadisədən 95 %-nin açılması təmin edilib.
Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar olan cinayət işləri olub. Hesabat dövründə qeydə alınmış ölümlə nəticələnən 198 yol-nəqliyyat hadisəsi üzrə təqsirləndirilən şəxslər müəyyən edilib.
Qeyd edilib ki, hesabat dövründə aidiyyəti tabe rayon prokurorluqlarının icraatında olan 928 işdən 474-nün, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 17198 cinayət işindən 7374-nün istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 6250, prokurorluq orqanları tərəfindən 190 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 28 milyon 735 min 733 manat fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə nail olunub.
2022-ci il ərzində Bakı şəhər prokurorluq orqanlarına 17149 müraciət daxil olmaqla həll olunub, 6564 vətəndaş qəbul edilib.
Müşavirədə 2022-ci il ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 12 nəfərin intizam məsuliyyətinə cəlb edilməsi, onlardan 2 nəfərin prokurorluq orqanlarından xaric edilərək, 2 nəfərin tutduğu vəzifədən azad olunması xüsusi vurğulanmaqla xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi tələb edilib.